“Azərbaycan Respublikası Rəqabət Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının 2023-cü il 8 dekabr tarixli 1051-VIQ nömrəli Qanununun tətbiqi və bununla əlaqədar bəzi məsələlərin tənzimlənməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 23 yanvar tarixli 2451 nömrəli Fərmanının icrasını təmin etmək məqsədilə:
1. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi:
1.1. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi, Azərbaycan Respublikasının Mərkəzi Bankı və icra prosesində müəyyən ediləcək digər aidiyyəti dövlət orqanları (dövlətin hüquqi şəxsləri) ilə razılaşdırmaqla, Azərbaycan Respublikası qanunlarının, Azərbaycan Respublikası Prezidentinin aktlarının və Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının “Azərbaycan Respublikası Rəqabət Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının 2023-cü il 8 dekabr tarixli 1051-VIQ nömrəli Qanununa (bundan sonra - Qanun) uyğunlaşdırılması ilə bağlı təkliflərini iki ay müddətində Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsin;
1.2. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi, Azərbaycan Respublikasının Ali Məhkəməsi, Azərbaycan Respublikasının Baş Prokurorluğu və icra prosesində müəyyən ediləcək digər aidiyyəti dövlət orqanları (dövlətin hüquqi şəxsləri) ilə razılaşdırmaqla, Azərbaycan Respublikası Rəqabət Məcəlləsinin pozulmasına görə məsuliyyət növlərini müəyyən edən qanun layihəsini dörd ay müddətində Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsin.
2. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi:
2.1. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və icra prosesində müəyyən ediləcək digər aidiyyəti dövlət orqanları (dövlətin hüquqi şəxsləri) ilə razılaşdırmaqla, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin fəaliyyətinin təkmilləşdirilməsi və təmin edilməsi ilə bağlı təkliflərini 15 gün müddətində Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsin;
2.2. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi və icra prosesində müəyyən ediləcək digər aidiyyəti dövlət orqanları (dövlətin hüquqi şəxsləri) ilə razılaşdırmaqla, aşağıdakı normativ hüquqi aktların layihələrini dörd ay müddətində Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsin:
2.2.1. Azərbaycan Respublikasının Rəqabət Məcəlləsinin 4.4-cü maddəsinə uyğun olaraq, həmin Məcəllənin tələbləri tətbiq edilməyən və ya məhdud tətbiq edilə bilən halların, fəaliyyət sahələrinin və məhsulların layihəsini;
2.2.2. həmin Məcəllənin 11.5-ci maddəsinin ikinci cümləsinə uyğun olaraq, sazişlərin rəqabəti məhdudlaşdıran nəticələrə səbəb olmasına və ya ola bilməsinə dair meyarlar ilə bağlı təkliflərini;
2.2.3. həmin Məcəllənin 13.2-ci maddəsinə uyğun olaraq, sazişlərin həmin Məcəllənin 13.1-ci maddəsində qeyd olunan şərtlərə cavab verməsinə dair meyarlar, həmçinin texnologiyanın transfertin, bazarın tədqiqi və inkişafı ilə əlaqəli sazişlərin istisna edilməsinə dair meyarlar ilə bağlı təkliflərini;
2.2.4. həmin Məcəllənin 15.6-cı maddəsinə uyğun olaraq, müvafiq bazarda bazar paylarının hesablanması, müvafiq bazarın sərhədlərinin, həcminin, strukturunun və iştirakçılarının müəyyən edilməsi qaydasının layihəsini;
2.2.5. həmin Məcəllənin 27.3-cü və 28.6-cı maddələrinə uyğun olaraq, müvafiq bazarda sahələrin təmərküzləşmə səviyyəsinin müəyyən edilməsi və təmərküzləşmələrin qiymətləndirilməsi qaydasının layihəsini;
2.2.6. həmin Məcəllənin 48.3-cü və 48.8-ci maddələrinə uyğun olaraq, rəqabət orqanı tərəfindən bazar subyektlərində və təbii inhisar subyektlərində yoxlamaların keçirilməsi qaydalarının layihəsini;
2.2.7. həmin Məcəllənin 65.10-cu maddəsinə uyğun olaraq, həmin Məcəllənin 65-ci maddəsinə əsasən götürülmüş malların digər məqsədlər üçün istifadəsi, satılması, qaytarılması, məhv edilməsi və ya dəyərinin ödənilməsi qaydalarının layihəsini;
2.2.8. həmin Məcəllənin 77.14-cü maddəsinə uyğun olaraq, həmin Məcəllənin 77.1-77.3-cü, 77.5-ci və 77.12-ci maddələrində qeyd edilmiş hər bir hal üçün işin xüsusiyyətinə uyğun olaraq maliyyə sanksiyalarının hesablanması və tətbiqi meyarları və qaydalarının layihəsini;
2.3. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi və icra prosesində müəyyən ediləcək digər aidiyyəti dövlət orqanları (dövlətin hüquqi şəxsləri) ilə razılaşdırmaqla, aşağıdakı normativ hüquqi aktların layihələrini iki ay müddətində Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsin:
2.3.1. Azərbaycan Respublikası Rəqabət Məcəlləsinin 8.2-ci maddəsinin ikinci cümləsinə uyğun olaraq, rəqabət komissiyasının yaradılması, tərkibi, rəqabət komissiyası tərəfindən işlərə baxılması və qərarların qəbul edilməsi qaydalarının layihəsini;
2.3.2. həmin Məcəllənin 16.7-ci maddəsinə uyğun olaraq, hökmran mövqedən sui-istifadənin obyektiv zəruriliyinin və səmərəliliyinin qiymətləndirilməsi qaydalarının layihəsini;
2.3.3. həmin Məcəllənin 30.2-ci maddəsinə uyğun olaraq, həmin Məcəllənin 30.1-ci maddəsində nəzərdə tutulan ərizənin forması ilə bağlı təkliflərini;
2.3.4. həmin Məcəllənin 36.2-ci maddəsinə uyğun olaraq, təbii inhisar subyektlərinin siyahısının layihəsini;
2.3.5. həmin Məcəllənin 39.3-cü maddəsinin ikinci cümləsinə uyğun olaraq, müraciət edilməsi və müraciətə baxılma qaydasının layihəsini;
2.3.6. həmin Məcəllənin 44.2-ci maddəsinə və 44.3-cü maddəsinin ikinci cümləsinə uyğun olaraq, rəqabət orqanının qərarı əsasında bazarın monitorinqinin aparılması, monitorinqin nəticələrinə dair aktın forması və tərtib edilməsi qaydasının layihəsini;
2.3.7. həmin Məcəllənin 46.1-ci maddəsinin ikinci cümləsinə uyğun olaraq, araşdırmanın nəticələrinə dair aktın forması ilə bağlı təkliflərini;
2.4. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi və icra prosesində müəyyən ediləcək digər aidiyyəti dövlət orqanları (dövlətin hüquqi şəxsləri) ilə razılaşdırmaqla, aşağıdakı normativ hüquqi aktların layihələrini iki ay müddətində Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsin:
2.4.1. Azərbaycan Respublikası Rəqabət Məcəlləsinin 9.3-cü maddəsinə uyğun olaraq, həmin Məcəllənin 9.2-ci maddəsi ilə müəyyən edilmiş vəsaitin bölgüsü və ondan istifadə qaydasının layihəsini;
2.4.2. həmin Məcəllənin 39.7-ci maddəsinə uyğun olaraq, təbii inhisar subyektlərinin sahibkarlıq fəaliyyətinin nəticələrinə dair maliyyə hesabatlarının forması və təqdim edilmə qaydasının layihəsini;
2.5. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi və icra prosesində müəyyən ediləcək digər aidiyyəti dövlət orqanları (dövlətin hüquqi şəxsləri) ilə razılaşdırmaqla, Azərbaycan Respublikası Rəqabət Məcəlləsinin 13.6-cı maddəsinə uyğun olaraq, həmin Məcəllənin 13.5-ci maddəsi əsasında sazişlərin rəqabət qanunvericiliyinə uyğunluğunun təsdiqlənməsi qaydalarının layihəsini iki ay müddətində Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsin;
2.6. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Mərkəzi Bankı və icra prosesində müəyyən ediləcək digər aidiyyəti dövlət orqanları (dövlətin hüquqi şəxsləri) ilə razılaşdırmaqla, aşağıdakı normativ hüquqi aktların layihələrini iki ay müddətində Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsin:
2.6.1. Azərbaycan Respublikası Rəqabət Məcəlləsinin 15.3-cü maddəsinə uyğun olaraq, Azərbaycan Respublikası Mərkəzi Bankının təklifi əsasında maliyyə institutlarının hökmran mövqeyinin müəyyən edilməsi şərtləri (bazar payının hədləri və müəyyən edilməsi meyarları) ilə bağlı təkliflərini;
2.6.2. həmin Məcəllənin 27.2-ci maddəsinə uyğun olaraq, Azərbaycan Respublikası Mərkəzi Bankının təklifi əsasında maliyyə bazarlarında təmərküzləşmədə iştirak edən maliyyə institutları tərəfindən rəqabət orqanından razılıq alınmasını şərtləndirən meyarlar (təmərküzləşmədə iştirak edən maliyyə institutlarının aktivlərinin ümumi dəyəri, ümumi dövriyyəsinin həcmi) ilə bağlı təkliflərini.
3. Mərkəzi icra hakimiyyəti orqanları üç aydan gec olmayaraq, Qanunun icrasını təmin etmək məqsədilə öz səlahiyyətləri daxilində normayaratma vəzifələrindən irəli gələn tədbirlər görüb, normativ hüquqi aktlarını və ya təkliflərinin olmadığı barədə məlumatı Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə təqdim etsinlər və icra vəziyyəti tələb etdikdə, Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versinlər.
4. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların Qanuna uyğunlaşdırılmasını təmin edib, bu barədə dörd ay müddətində Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.
5. Bu Sərəncamın 1-ci, 3-cü və 4-cü hissələrinin, 2.3.1-ci, 2.3.5-ci yarımbəndlərinin və 2.5-ci bəndinin icrası Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının Hüquq və qanunvericilik şöbəsinə, 2.1-ci, 2.2.-ci, 2.4-cü, 2.6-cı bəndlərinin, 2.3.2-ci, 2.3.3-cü, 2.3.4-cü, 2.3.6-cı və 2.3.7-ci yarımbəndlərinin icrası isə İqtisadiyyat şöbəsinə həvalə edilsin.
6. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.
Əli Əsədov
Azərbaycan Respublikasının Baş naziri
Bakı şəhəri, 9 fevral 2024-cü il