“Dövlət ehtiyatları haqqında” Azərbaycan Respublikasının 2023-cü il 19 dekabr tarixli 1055-VIQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 2 fevral tarixli 2463 nömrəli Fərmanının icrasını təmin etmək məqsədilə:
1. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi, Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Ehtiyatları Agentliyi və icra prosesində müəyyən ediləcək digər aidiyyəti dövlət orqanları (dövlətin hüquqi şəxsləri) ilə razılaşdırmaqla, Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının “Dövlət ehtiyatları haqqında” Azərbaycan Respublikasının 2023-cü il 19 dekabr tarixli 1055-VIQ nömrəli Qanununa (bundan sonra – Qanun) uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsin.
2. Azərbaycan Respublikasının Dövlət Ehtiyatları Agentliyi Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi, Azərbaycan Respublikasının Energetika Nazirliyi, Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi və icra prosesində müəyyən ediləcək digər aidiyyəti dövlət orqanları (dövlətin hüquqi şəxsləri) ilə razılaşdırmaqla, aşağıdakı normativ hüquqi aktların layihələrini dörd ay müddətində Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsin:
2.1. Qanunun 1.1.2-ci və 5.4-cü maddələrinə uyğun olaraq, bazar iştirakçılarına dair meyarları və onlar tərəfindən təmin edilən mallarla bağlı dövlət ehtiyatları üzrə məsul orqana məlumat təqdim edilməsi qaydasını;
2.2. Qanunun 5.1-ci maddəsinin ikinci cümləsinə uyğun olaraq, strateji əhəmiyyətli malların monitorinqi qaydasını və həmin mallar üzrə qısamüddətli kəskin qiymət dəyişməsinin müəyyən edilməsi meyarlarını;
2.3. Qanunun 5.2-ci maddəsinə uyğun olaraq, strateji ehtiyatların və bazar iştirakçıları tərəfindən təmin edilən malların nomenklaturalarını;
2.4. Qanunun 9.3-cü, 10.5-ci, 11.2-ci maddələrinə, 12.1-ci maddəsinin ikinci cümləsinə və 12.5-ci maddəsinə uyğun olaraq, dövlət ehtiyatları üçün malların tədarükü, saxlanılması, buraxılması, uçotu və bu sahədə nəzarətin həyata keçirilməsi, habelə dövlət ehtiyatlarına aid olan malların hərəkəti və mövcudluğu barədə hesabatın formasını və təqdim edilməsi qaydasını.
3. Mərkəzi icra hakimiyyəti orqanları üç aydan gec olmayaraq, Qanunun icrasını təmin etmək məqsədilə öz səlahiyyətləri daxilində normayaratma vəzifələrindən irəli gələn tədbirlər görüb, normativ hüquqi aktlarını və ya təkliflərinin olmadığı barədə məlumatı Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə təqdim etsinlər və icra vəziyyəti tələb etdikdə, Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versinlər.
4. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların Qanuna uyğunlaşdırılmasını təmin edib, bu barədə dörd ay müddətində Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.
5. Bu Sərəncamın 1-ci, 3-cü və 4-cü hissələrinin icrası Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının Hüquq və qanunvericilik şöbəsinə, 2.1-ci və 2.2-ci bəndlərinin icrası İqtisadiyyat şöbəsinə, 2.3-cü və 2.4-cü bəndlərinin icrası isə Təhlükəsizlik, müdafiə və səfərbərlik şöbəsinə həvalə edilsin.
6. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.
Əli Əsədov
Azərbaycan Respublikasının Baş naziri
Bakı şəhəri, 13 fevral 2024-cü il