Nazirlər Kabinetinin 396 №-li Qərarına dair İZAH
“Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 22 iyul tarixli 673 nömrəli Sərəncamının icrası məqsədilə qəbul edilmiş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2025-ci il 17 dekabr tarixli 396 nömrəli Qərarı ilə təsdiq edilmiş “Beynəlxalq ikili diplom proqramlarının həyata keçirilməsinin maliyyələşdirilməsi Qaydası” Azərbaycan Respublikasının müvafiq ali təhsil müəssisələrində beynəlxalq ikili diplom proqramlarının həyata keçirilməsinin maliyyələşdirilməsi və idarə edilməsi məsələlərini tənzimləyir. Proqram Azərbaycan Respublikası Dövlət Neft Fondunun vəsaiti hesabına maliyyələşdirilir. Bu Qayda ilə Proqramın həyata keçirilməsinin maliyyələşdirilməsi istiqamətləri, xərclərin ödənilməsi, Proqramın təşkili və həyata keçirilməsinin maliyyələşdirilməsi məsələlərinin idarə edən İdarəetmə Qrupu ilə Fond və Proqramı həyata keçirən ali təhsil müəssisələrinin münasibətlərinin tənzimlənməsi məsələləri müəyyən edilir.