Nazirlər Kabinetinin 140 №-li Qərarına dair İzah
“Məhkəmə ekspertizası fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununa əlavə edilmiş 11-3-cü maddəsinə əsasən, Ədliyyə Nazirliyi məhkəmə ekspertizası idarələrinin ekspertləri və özəl məhkəmə ekspertləri barədə məlumatları Məhkəmə Ekspertlərinin Reyestrinə daxil edir.
Reyestr açıqdır, Ədliyyə Nazirliyinin rəsmi internet səhifəsində yerləşdirilir və məlumatlar daim yenilənir.
Həmçinin, Reyestrə daxil edilməyən şəxslərin məhkəmə ekspertizası fəaliyyəti ilə məşğul olması qadağandır və qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur.
Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 18 dekabr tarixli 883 nömrəli Fərmanının 1.1.4-cü yarımbəndi ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinə Məhkəmə Ekspertlərinin Reyestrinin aparılması qaydalarının müəyyən edilməsi tapşırılmışdır.
Tapşırığın icrası məqsədilə Məhkəmə ekspertizası idarələrinin ekspertləri və özəl məhkəmə ekspertlərinin reyestrinin aparılması qaydalarının təsdiq edilməsi haqqında müvafiq Qərar qəbul edilmişdir.